Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Qaydalar
AAF77950A56E3D4C84235842FE4AA479
2503
page,page-id-2503,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

Qaydalar

   

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondunun Müşahidə Şurasının 2013-cü il 10 oktyabr
tarixli iclasının qərarı ilə (Protokol № 2) təsdiq edilmișdir

 
 

RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ
TABELİYİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI
DÖVLƏT FONDUNUN
Qrant müsabiqələrinin təşkili və keçirilməsi

 
QAYDALARI

 

1.Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin (bundan sonra – Fondun Əsasnaməsi) 5.10.9-cu bəndinə uyğun olaraq hazırlanmışdır və “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın (bundan sonra – Fondun vəsaitinin istifadəsi Qaydaları) və digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla qrantların verilməsi üzrə müsabiqələrin (bundan sonra – müsabiqələr) təşkili və keçirilməsi qaydalarını tənzimləyir və müsabiqə iştirakçılarına dair tələbləri müəyyən edir.
1.2. Layihələrin icra müddəti, növləri, qrant maliyyələşməsinin həcmi və layihənin müsabiqə çərçivəsində həyata keçirilməsinin mexanizmi Fondun vəsaitinin istifadəsi Qaydalarının 7-ci bölməsi ilə müəyyən olunur.
1.3. Müsabiqələr hər il vaxtaşırı Fondun Əsasnaməsində qeyd olunan prioritet istiqamətlər üzrə keçirilir.

 

2.Müsabiqənin keçirilmə prinsipləri

2.1. Fond bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş müsabiqələr üzrə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərin və ya Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin layihələrinin şəffaflıq və bərabərlik şəraitində dəstəklənməsi və maliyyələşdirilməsini həyata keçirir.
2.2. Müsabiqədə iştirak edən fiziki şəxslər üçün yaş həddi qoyulmur.
2.3. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır (fiziki şəxs tərəfindən təqdim edilən layihə üzrə həmin şəxs layihə rəhbəri qismində çıxış edir). Layihə rəhbəri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
2.4. Müsabiqələrdə İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələrə üstünlük verilir.
2.5. Müsabiqədə iştirak edəcək layihələr üzrə aşağıdakılara xüsusi diqqət yetirilir:
2.5.1. layihələrin məqsəd və vəzifələrinin aydınlığı, ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə və layihənin kommersiyalaşdırılma potensialı;
2.5.2. layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması, onun orijinallıq dərəcəsi;
2.5.3. ixtiranın mövcudluğu, patent alınmasının ehtimal dərəcəsi;
2.5.4. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq və regional layihələrin yerinə yetirilməsində mümkün effektiv rolu;
2.5.5. layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş qrant layihələrində uğurlu iştirakı;
2.5.6. qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;
2.5.7. layihəni reallaşdıracaq komandanın mövcudluğu.
2.6. Hər növbəti müsabiqə elanı üçün müsabiqələrin növləri, prioritet istiqamətlər, müsabiqələrin keçirilmə müddəti Fondun icraçı orqanı tərəfindən Fondun Müşahidə Şurası ilə razılaşdırılmaqla müəyyən edilir.
2.7. Müsabiqə haqqında elanlar kütləvi və elektron informasiya vasitələrindən (Fondun internet saytı və digər müvafiq internet resursları, informasiya agentlikləri, televiziya, radio, mətbu nəşrlər və s.) istifadə edilməklə və təqdimat tədbirlərinin keçirilməsi yolları ilə verilir.
2.8. Bir şəxs elan olunmuş müsabiqə çərçivəsində təqdim olunan layihələrin yalnız birində icraçı və ya rəhbər qismində çıxış edir. Xüsusi və ciddi əsaslandırılmış hallarda eyni şəxsin hər cari müsabiqə elanı üzrə iki layihədən birində rəhbər qismində, digərində iştirakçı statusunda iştirak etməsinə icazə verilir.
2.9. Bu Qaydaların 2.8-ci bəndinin ikinci cümləsinə uyğun olaraq hələ də yerinə yetirilməkdə olan iki layihədə iştirak edən şəxs Fondu yazılı şəkildə xəbərdar etmədən yeni (növbəti) müsabiqəyə qatılması, onun yerinə yetirilməkdə olan və Fond tərəfindən maliyyələşdirilən layihələrdə iştirakının dayandırılmasına səbəb olur.
2.10. Müsabiqə prosesində layihə rəhbəri və icraçı (icraçılar) təqdim olunan layihə üzrə digər mənbədən qrant və ya digər vəsait alarlarsa, onlar bu haqda dərhal Fondu yazılı şəkildə məlumatlandırmalıdırlar. Bu halda həmin layihənin müsabiqədə iştirakı barədə müvafiq qərar Fond tərəfindən qəbul edilir.
2.11. Fond tərəfindən keçirilən əvvəlki müsabiqələrdə iştirak etmiş və maliyyələşdirilmiş eyni mövzu üzrə layihələr təkrarən müsabiqəyə buraxılmır.
2.12. Müsabiqənin nəticələri haqqında məlumat layihə rəhbərinə müsabiqə bitdikdən sonra Fond tərəfindən verilir. Müsabiqədən uğurla keçmiş layihələrin maliyyələşdirilməsinin həcmi və şərtləri, bir qayda olaraq, layihə rəhbərinə bildirilir. Müsabiqədən uğurla keçmiş layihələrin siyahısı və bu layihələr haqqında məlumatlar Fondun internet səhifəsində yerləşdirilir və digər müvafiq elektron resurslarında və mətbu nəşrlərdə dərc olunur.
2.13. Müsabiqədən uğurla keçmiş layihələrin nəticələri ictimaiyyətə çatdırılarkən həmin layihənin Fond tərəfindən dəstəklənməsi barədə məlumat (“Bu layihə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə yardımı ilə həyata keçirilmişdir – Qrant №__” redaksiyasında) qeyd edilməlidir.

 

3.Müsabiqədə iştirak

3.1. Müsabiqədə iştirak üçün ərizə yalnız elektron formada təqdim edilir.
3.2. Layihə göndərən hüquqi və fiziki şəxs müsabiqədə iştirak üçün Fondun rəsmi internet saytına daxil olaraq layihələrin elektron qəbulu sistemindən müvafiq qaydada qeydiyyatdan keçərək şifrə və parol almalı, qeydiyyatdan keçdikdən sonra layihə ilə bağlı Fond tərəfindən müəyyən edilən məlumatları sistemə daxil etməklə təsdiq edib göndərilməlidir.
3.3. Ərizəçi fiziki şəxs olduqda sistemdən layihə rəhbəri, hüquqi şəxs olduqda isə hüquqi şəxsin rəhbəri qeydiyyatdan keçməlidir.
3.4. Müraciət formasının biznes plan bölməsində aşağıdakılar əls olunmalıdır:
3.4.1. Layihənin məzmunu və əsaslandırılması;
3.4.2. Layihə rəhbəri və icraçılar haqqında məlumat;
3.4.3. İcra planı;
3.4.4. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri;
3.4.5. İstehsal, iş və ya xidmətin təşkili haqqında məlumat;
3.4.6. Maliyyə planı;
3.4.7. Risklərin qiymətləndirilməsi;
3.4.8. Layihənin qısa xülasəsi.
3.5. Layihələrin qəbulu üçün müəyyən olunmuş son tarix və vaxtdan sonra sistem tərəfində layihələrin qəbulu dayandırılır.
3.6. Bütün layihələr Azərbaycan dilində və zəruri hallarda xarici dildə tərtib edilməlidir.
3.7. Yalnız müsabiqənin tələblərinə uyğun şəkildə, düzgün tərtib olunmuş və müəyyən edilmiş müddət ərzində təqdim olunmuş layihələr ekspertizaya buraxılır.
3.8. Layihələrin təqdim edilməsi üçün elektron xidmət bu Qaydaların tələbləri nəzərə alınmaqla Fond tərəfindən təşkil edilir.

 

4.Layihələrin ekspertizasının ümumi qaydaları

4.1. Ekspertizanın keçirilməsinin əsas məqsədi təqdim olunmuş layihələrin Fondun prioritet hesab etdiyi istiqamətlərə və elan olunmuş müvafiq müsabiqənin mövzusuna uyğunluğunun müəyyən olunmasından, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Fondun özü və Müşahidə Şurası üçün rəylərin, tövsiyələrin və arayışların hazırlanmasından ibarətdir.
4.2. Layihələrin ekspertizası qaydaları Fondun vəsaitinin istifadəsi Qaydaları ilə müəyyən edilir.
4.3. Ekspertizanın keçirilməsi məqsədilə Fond Əsasnaməsinə uyğun olaraq yerli və (və ya) xarici mütəxəssislər arasından ekspertlər seçir və Fondun nəzdində fəaliyyət göstərən daimi ekspert qrupu və (və ya) müsabiqə dövrü üçün müstəqil ekspert qrupu yaradır.
4.4. Fonda cari müsabiqədə iştirak üçün təqdim edilmiş layihələrin ekspertizası Fondun əməkdaşları və ekspertlər (ekspertlər qrupu) tərəfindən iki mərhələdə həyata keçirilir.
4.5. Birinci mərhələdə Fondun Əsasnaməsinə uyğun olaraq Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən 15 (on beş) iş günü müddətində kodlaşdırılmış layihələrin ilkin ekspertizası keçirilir, ilkin ekspertizanın nəticələri sistemləşdirilir və qərar qəbul edilir. İlkin ekspertizanın nəticələrinə uyğun olaraq aşağıdakı qərarlardan biri qəbul edilir və ərizəçi müvafiq qaydada məlumatlandırılır:
4.5.1. layihənin tam olmaması və ya Fondun fəaliyyətinə və prioritetlərinə uyğun gəlməməsi səbəbindən layihədən imtina edilməsi;
4.5.2. ərizənin növbəti mərhələyə buraxılması və kompleks ekspertizanın keçirilməsi haqqında qərarın qəbul edilməsi.
4.6. İkinci mərhələdə müstəqil və daimi ekspertlər tərəfindən 20 (iyirmi) iş günü müddətində hər layihə üzrə kompleks ekspertiza keçirilir. Kompleks ekspertizanın yekununda ekspertizanın nəticəsini özündə əks etdirən rəy, arayış və tövsiyələr Fonda təqdim edilir.
4.7. Fond tərəfindən layihələr haqqında əlavə məlumatın alınması məqsədilə zəruri hallarda layihə icraçıları ilə görüşlər təşkil olunur, müzakirələr keçirilir və təhlillər aparılır.
4.8. Fondun müvafiq bölməsi və daimi ekspertləri tərəfindən Şurada baxılmaq üçün hər layihə üzrə müvafiq sənədlər toplusu hazırlanır. Bu sənədlər toplusu əsasında Şuranın iclasında müzakirələr aparılır, rəy və tövsiyələr verilir, müsabiqənin qalibləri müəyyən edilir.
4.9. Layihələrin kommersiya sirri hesab edilən məlumatları və müsabiqə dövrü ərzində ekspertlərə dair məlumatlar açıqlanmır və Fondun əməkdaşları, Müşahidə Şurasının üzvləri və ekspertlər tərəfindən belə məlumatların açıqlanmasına icazə verilimir.

 

5.Layihələrin həyata keçirilməsi şərtləri

5.1. Müsabiqədən keçmiş layihələrin maliyyələşdirilməsi Fond tərəfindən göstərilən maliyyə dəstəyi vasitəsilə həyata keçirilir.
5.2. Müsabiqədən keçmiş layihələrin yerinə yetirilməsi və maliyyələşdirilməsi məqsədilə Fond ilə layihənin rəhbəri arasında layihənin həyata keçirilməsi ilə bağlı tərəflərin qarşılıqlı məsuliyyət və vəzifələrini müəyyən edən müqavilə bağlanılır.
5.3. Layihənin xərclər smetası, biznes planı və praktiki nəticələrinin istifadəsi ilə bağlı xüsusi öhdəlikləri nəzərdə tutan müvafiq sənədlər müqaviləyə əlavə olunur.
5.4. Fond ilə layihənin rəhbəri arasında bağlanmış müqavilədə layihənin dəyəri, hesablaşma qaydası, layihənin həyata keçirilmə müddəti, aralıq və əsas hesabatların təqdim edilmə müddəti, monitorinq qaydaları, əsas gözlənilən nəticələr, tərəflərin həyata keçirilən layihə çərçivəsində yaranmış əqli mülkiyyət hüquqları, başa çatdırılmış layihənin və onun ayrı-ayrı mərhələlərinin qəbul olunma müddəti və qaydaları və digər zəruri müddəalar nəzərdə tutulmalıdır.
5.5. Fond yerinə yetirilməkdə olan layihələr üzrə bağlanmış müqaviləyə uyğun olaraq aralıq (rüblük və yarımillik) hesabatlar tələb etmək, mütəmadi olaraq və ya zərurət yarandığı hallarda layihənin monitorinqini təşkil etmək və keçirmək hüququna malikdir. Layihələrin monitorinqinin təşkili Fondun vəsaitinin istifadəsi Qaydaları ilə müəyyən edilir.
5.6. Yerinə yetirilmiş layihələr üzrə əsas (son) hesabat layihə rəhbəri tərəfindən baxılmaq üçün Fonda təqdim olunur. Fondun müvafiq bölməsi layihə üzrə son hesabatı qiymətləndir və yekun rəylə birlikdə müvafiq qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edir.
5.7. Bağlanmış müqavilə əsasında layihələrin maliyyələşdirilməsi mərhələli həyata keçirirlir. icrası 24 aya qədər olan kiçik və orta həcmli layihələr üzrə maliyyələşdirmə üç mərhələdə aparılır. İlkin mərhələdə layihənin ümumi dəyərinin 30 faizi, ikinci mərhələdə 40 faizi, üçüncü mərhələdə layihənin yekun hesabatı təqdim edildikdən sonra qalıq 30 faizi müvafiq bank hesabına köçürülür.
5.8. Layihənin maliyyələşdirilməsi müvafiq hesabatların və monitorinqlərin nəticələrinə, həmçinin Fondun ekspertlərinin rəy və tövsiyələrinə istinad edilməklə və Fondun Müşahidə Şurasının müvafiq rəyi əsasında Fond tərəfindən vaxtından əvvəl dayandırılır.