Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Reqlament
AAF77950A56E3D4C84235842FE4AA479
3468
page,page-id-3468,page-template-default,ajax_fade,page_not_loaded,,boxed

Reqlament

   

 

Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirinin
 “16” avqust 2013-cü il tarixli 140 nömrəli
əmri ilə təsdiq edilmișdir

 

 

 

 

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun

Müşahidə Şurası haqqında

REQLAMENT

 

 

 

1. Ümumi müddəalar

1.1.    Bu Reqlament Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 2 aprel tarixli 853 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”yə əsasən yaradılmış Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının (bundan sonra – Şura) fəaliyyətinin təşkilini, üzvlərinin hüquq və vəzifələrini, onlara dair tələblər və onların səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi qaydalarını müəyyən edir.
1.2. Şura “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin 5.10-cu bəndi ilə ona verilmiş səlahiyyətlər daxilində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra – Fond) fəaliyyətinə ümumi nəzarəti həyata keçirən orqandır.

 2.Şuranın tərkibinin formalaşması

2.1. Şura, 7 (yeddi) üzvdən ibarət tərkibdə formalaşdırılır. Şuranın 4 (dörd)  üzvü müvafiq dövlət orqanlarını, digər 3 (üç) üzvü isə informasiya-kommunikasiya texnologiyaları sahəsində qeyri-hökumət təşkilatlarını təmsil edir.
2.2. Şuranın 4 (dörd) üzvü aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) müəyyən edilir:
2.2.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;
2.2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
2.2.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;
2.2.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi.
2.3. Şuranın qeyri-hökumət təşkilatlarını təmsil edən üzvləri, həmin təşkilatların təqdimatı əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra – RİTN) tərəfindən təyin edilir.
2.4. Qeyri-hökumət təşkilatını təmsil edən şəxsin namizədliyinin Şura üzvlüyünə irəli sürülməsi barədə təqdimatda aşağıdakılar göstərilməlidir:
2.4.1. namizədin soyadı, adı, atasının adı, təvəllüdü və ünvanı;
2.4.2. namizədin təmsil etdiyi təşkilatda tutduğu vəzifə;
2.5. Şuranın ümumi tərkibi RİTN tərəfindən təsdiq edilir.
2.6. Şura üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.
2.7. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
2.8. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
2.9. Şuranın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
2.10.Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda RİTN-in qərarı ilə vaxtından əvvəl xitam verilir:
2.10.1. bu Reqlamentdə Şura üzvü üçün nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
2.10.2. səhhətinə görə vəzifələrini 6 (altı) aydan artıq yerinə yetirə bilmədikdə;
2.10.3. ardıcıl olaraq 4 (dörd) dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
2.10.4. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
2.10.5. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verdikdə.
2.11. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalan hissəsi üçün bu Reqlamentdə nəzərdə tutulmuş qaydada təyin edilir.

 

3. Şura üzvlərinin hüquq və vəzifələri

3.1. Şura üzvlərinin aşağıdakı hüquqları vardır:
3.1.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
3.1.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
3.1.3. Şurada baxılan məsələlərə dair fikir söyləmək;
3.1.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;
3.1.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.
3.2. Şura üzvləri:
3.2.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşır;
3.2.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmır;
3.2.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol vermir;
3.2.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləmir.

 

4. Şuranın işinin təşkili

4.1. Şuraya Rabitə və İnformasiya Texnologiyaları Nazirinin əmri ilə təyin və azad edilən sədr rəhbərlik edir.
4.2. Şura sədri aşağıdakı səlahiyyətlərə malikdir:
4.2.1. Şuranın işini təşkil etmək, iclaslarını çağırmaq və iclaslarda sədrlik etmək;
4.2.2. Şuranın qərarlarının icrasına Şura adından nəzarət etmək;
4.2.3. Şuranın iclaslarında qəbul olunmuş qərarları təsdiq etmək;
4.2.4. Şuranın iclaslarının protokollarını imzalamaq;
4.2.5. Şuranın iclaslarının gündəliyini təsdiq etmək;
4.2.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirmək.

 

 

 

5. Şuranın iclasları

5.1. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirlir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilir;
5.2. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
5.3. Şuranın növbəti və növbədənkənar iclaslarının keçirilmə yeri və vaxtı barədə Şura üzvlərinə iclasın ehtimal olunan vaxtından ən azı 1 (bir) iş günü əvvəl yazılı bildiriş göndərilir.
5.4. Yazılı bildirişlər Şura üzvlərinə Şuranın katibi tərəfindən çatdırılmasını təsdiq edən sifarişli məktubla, teleqramla, kuryerlə və ya faksla və ya elektron poçt vasitəsi ilə göndərilir. Bildirişdə növbəti və ya növbədənkənar iclasın keçirildiyi ünvan, gün və vaxt göstərilir.
5.5. Şuranın üzvü iclaslarda şəxsən iştirak etməlidir. Şuranın üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə o, Şura sədrini əvvəlcədən məlumatlandırmalıdır.
5.6. Şuranın iclaslarına sədrliyi Şuranın sədri, katiblik işini isə Şuranın katibi yerinə yetirir.
5.7. Bu reqlamentdə müəyyən olunan vəzifələrdən başqa Şura sədri Şuranın iclaslarını çağırır, açır və bağlayır, müzakirələri aparır, iclaslarda çıxış edənlərə söz verir, iclas zamanı istifadə olunan ümumi proseduralara riayət olunmasını təmin edir, iclaslarda müzakirə edilən məsələləri səsə qoyur və qərarları elan edir.
5.8. Şuranın katibi Şuranın üzvləri və ya RİTN-in əməkdaşları sırasından təyin olunur.
5.9. Şuranın katibi aşağıdakı vəzifələri icra edir:
5.9.1. Şura sədri tərəfindən həvalə edilmiş bütün tapşırıqları yerinə yetirir, Şuranın arxivini yaradır və onu lazımi qaydada saxlayır;
5.9.2. Şuranın iclaslarının keçirilməsi üçün hazırlıq işləri aparır, iclasların təşkil edilməsi ilə bağlı zəruri məsələləri həll edir;
5.9.3. Şuranın iclaslarında baxılması nəzərdə tutulan materialları hazırlayır, zərurət yaranarsa sənədlərin tərcüməsini təmin edir və onları Şuranın üzvlərinə çatdırır;
5.9.4. Şuranın iclaslarının gündəlik və protokollarını Şuranın üzvlərinə çatdırılmasını, zərurət yaranarsa imzalanan protokolların Şura üzvlərindən alınmasını təmin edir;
5.9.5. Şuraya daxil olan və Şuradan xaric olan sənədlərin, iclaslarda qəbul olunan qərarların qeydiyyatını aparır, sənədlərin külliyyatını yaradır;
5.10. Şuranın iclasında ümumi prosedura aşağıdakı qaydada aparılır:
5.10.1. Şuranın iclası başlayan zaman iclasda sədrlik edən yetərsayın olub olmamasını müəyyən edir. Şura üzvü iclasda iştirak etməyəcəyi barədə öncədən məlumat veribsə bu, elan olunur. Əgər yetərsay yoxdursa və Şura üzvü iclasda iştirak etməyəcəyi barədə əvvəlcədən məlumat verməyibsə, yetərsay müəyyən edilməsi üçün iclasın başlanma vaxtından 1 (bir) saat keçənədək iclas açıq elan olunmur. Bu müddət ərzində yetərsay müəyyən edilməzsə, Şura sədri iclası başqa vaxta təxirə salır;
5.10.2. Şuranın iclasında yetərsay müəyyən edildikdən sonra Şura sədri iclası açıq elan edir və gündəlik barədə məlumat verir;
5.10.3. Şuranın iclasında hər hansı məsələ ilə əlaqədar çıxış etmək üçün Şura həmin məsələ üzrə mütəxəssisləri və Fondun işçilərini dəvət edə bilər;
5.10.4. Şuranın sədri və ya üzvü təklif edərsə və Şura bu təklifi sadə səs çoxluğu ilə dəstəkləyərsə, hər hansı məsələnin müzakirəsi dayandırılaraq bu məsələyə dair tam məlumatın alınması tövsiyə edilir. Şuranın sədri və ya üzvü təklifinin natamam olması səbəbindən həmin təklifi səsverməyə qədər geri çağıra bilər;
5.10.5. Şura digər qayda qəbul etməyibsə, eyni məsələ ilə əlaqədar təkliflər onların irəli sürülməsi ardıcıllığından asılı olaraq səsə qoyulur. Ardıcıllıqla birinci sırada olan təklif səsə qoyulduqdan sonra Şura digər təkliflərin müzakirə edilib edilməməsinə dair qərar qəbul edir.
5.11. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır, protokolu və protokola əlavələri sədr və katib imzalayır. İclasın protokolunda iclasın yeri, vaxtı, iştirakçıları, gündəliyi, çıxışların xülasəsi, səsvermənin nəticələri və iclasın qərarları əks etdirilir.
5.12. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir. Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.

 

6. Şuranın qərarları

 

6.1. Şura Fondun Əsasnaməsi və bu reqlament ilə müəyyən edilmiş səlahiyyətləri daxilində Fondun fəaliyyəti barəsində qərarlar qəbul edir.
6.2. Şuranın qərarları açıq səsvermə yolu ilə və iclasda iştirak edən Şura üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə, Şura sədrinin səsi həlledici hesab edilir;
6.3. Şurada Şura üzvünün eyni zamanda üçüncü şəxsin əvəzinə səs verməsi qadağandır.
6.4. Əgər Şura tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, qərarlarla bağlı səsvermə əllərin qaldırılması yolu ilə həyata keçirilir.
6.5. Müşahidə Şurasının növbədənkənar iclasları keçirildikdə, müstəsna hallarda Şura üzvü gündəlikdə olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (“lehinə” və ya “əleyhinə”), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron sənədin və elektron imzanın istifadə olunması qaydaları müvafiq qanunvericiliklə tənzimlənir.
6.6. Şuranın iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.

 

7. Yekun müddəalar

 

7.1. Bu reqlamentə Müşahidə Şurasının qərarı ilə qəbul edilmiş təkliflər əsasında rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə dəyişiklik edilir.