Side Menu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu | Monitorinq qaydaları
AAF77950A56E3D4C84235842FE4AA479
3656
page,page-id-3656,page-template-default,ajax_fade,page_not_loaded,,boxed
   

 
 

Qrant müsabiqələri çərçivəsində Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə monitorinqlərin aparılması
 
QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (bundan sonra Fond adlanacaq) elan etdiyi qrant müsabiqələri çərçivəsində Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə monitorinqlərin aparılması Qaydaları (bundan sonra-Qaydalar adlanacaq) “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na, qüvvədə olan digər normativ-xarakterli aktlara və qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanmıșdır.
1.2 Qaydalar Fondun elan etdiyi qrant müsabiqələri çərçivəsində Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə monitorinqin aparılması zamanı Fondun və layihəyə cavabdeh hüquqi və ya fiziki şəxsin hüquq və vəzifələrini müəyyən edir.

 

2. Monitorinqin məqsədi

 

2.1. Fondun elan etdiyi qrant müsabiqələri çərçivəsində Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə monitorinqin aparılmasında məqsəd layihə icraçısının imzalanan müqaviləyə əsasən Fondun qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək, layihə üzrə risklərin azaldılması və aradan qaldırılması üçün tədbirlər görmək və layihələrin icrası üzrə müvafiq məlumatları layihələrin məlumat bazasına daxil etməkdir.
 

3. Monitorinq iştirakçılarının hüquq və vəzifələri

 

3.1 Monitorinqin iştirakçıları aşağıdakılardır:
3.1.1 Fondun adından Fondun rəhbərliyi tərəfindən təyin olunmuş məsul şəxs
3.1.3. Layihə icraçısı

3.2 Fondun hüquqları:

3.2.1 Monitorinq aparılacaq layihələri müəyyən etmək;
3.2.2 Zəruri hallarda monitorinqlərin keçirilməsinə müstəqil mütəxəssisləri (ekspertləri) cəlb etmək;
3.2.3 Layihə rəhbərlərindən monitorinq üçün zəruri olan və layihənin icrasını təsdiq edən sənədləri tələb etmək və izahatlar almaq;
3.2.4 Monitorinq zamanı monitorinq aktına əlavə etmək üçün foto və video çəkilișdən istifadə etmək;
3.2.5 Monitorinq ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan digər hüquqlardan istifadə etmək.
3.2.6. Ayrılmış vəsaitin təyinatdan kənar istifadəsini müəyyən etdikdə qrant vəsaitinin geri ödənilməsini tələb etmək.

3.3 Fondun vəzifələri:

3.3.1 Monitorinq barədə layihə rəhbərini monitorinqin başlamasından ən azı 5 (beş) iş günü əvvəl məlumatlandırmaq;
3.3.2 Monitorinqin nəticələrini layihə rəhbəri ilə müzakirə etmək;
3.3.3 Monitorinqin nəticələrinə dair akt (bu Qaydalara 1 nömrəli Əlavə) tərtib etmək;
3.3.4 Keçirilmiş monitorinqlər barədə ildə bir dəfədən gec olmayaraq Fondun Müşahidə Şurasına hesabat təqdim etmək;
3.3.5 Monitorinqin nəticələrinə dair “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na uyğun olaraq tədbirlər görmək;

3.4 Layihə icraçısının hüquqları:

3.4.1 Monitorinqin nəticələri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək.

3.5 Layihə icraçısının vəzifələri:

3.5.1 Monitorinqi aparan şəxsə (şəxslərə) vəzifələrini icra etmək üçün şərait yaratmaq;
3.5.2 Monitorinqi aparan şəxsin (şəxslərin) monitorinq aparılan ərazidə və ya obyektdə sərbəst hərəkətini təmin etmək;
3.5.3 Monitorinq keçirilən dövrdə monitorinq üçün tələb olunan sənədləri, o cümlədən, maliyyə sənədlərini təqdim etmək;
3.5.4 Monitorinq olunan ərazidə və ya obyektdə foto və video çəkilișlərin aparılması üçün șərait yaratmaq;
3.5.5 Monitorinqin nəticəsi üzrə Fondun verdiyi və tapşırıqları icra etmək.

 

4. Monitorinqin təşkili

 

4.1 Layihənin icra planında nəzərdə tutulmuş mərhələlərə uyğun olaraq monitorinqin aşağıdakı növləri vardır:
4.1.1 Aralıq monitorinq (1-ci mərhələnin sonunda)
4.1.2 Yekun monitorinq (3-cü mərhələnin sonunda, yekun hesabat təqdim olunduqdan sonra)
4.2 Layihələrin monitorinqi layihə icraçısının təqdim etdiyi müvafiq sənədlərin (təqdim olunan layihələrin hüquqi, maliyyə-iqtisadi və elmi-texniki təhlili də daxil olmaqla) yoxlanılması yolu ilə yerinə yetirilir.
4.3 Layihələrin monitorinqi zamanı Fondun vəsaitlərinin təyinatı üzrə istifadəsi yoxlanılır, müvafiq sənədlər üzrə layihə icrasının faktiki və proqnoz göstəriciləri müqayisəli şəkildə təhlil edilir, təqdim olunan sənədlər (illik audit yoxlamaları, rüblük və illik maliyyə hesabatları və digər məlumatlar) əsasında onun maliyyə vəziyyəti araşdırılır.

 

5. Monitorinqin nəticəsi

 

5.1 Keçirilmiş monitorinqin nəticəsi aşağıdakılardan biri ola bilər:
5.1.1 Layihənin maliyyələșdirilməsi üçün ayrılmış vəsait təyinatına uyğun istifadə edilmişdir və işlərin gedişatı layihə icraçısı tərəfindən əvvəlcədən təsdiq olunmuş icra planına uyğun aparılmışdır
5.1.2 Layihənin maliyyələșdirilməsi üçün ayrılmış vəsait təyinatına uyğun istifadə edilməmişdir və (və ya) layihə üzrə işlərin gedişatı layihə icraçısı tərəfindən əvvəlcədən təsdiq olunmuş icra planına uyğun aparılmamışdır.
5.2 Monitorinqin nəticəsinin rəsmiləşdirilməsi üçün 2 nüsxədə Akt hazırlanır və monitorinqin iştirakçıları tərəfindən hər iki nüsxə imzalanır.